İldırımlar şaxır şaraqqaşaraq,
küləklər yüyürür dağlar aşaraq.
Göyün sinəsində qucaqlaşaraq
buludlar ağlayıb kömək istəyir,
təbiət nə isə demək istəyir.
Gəlir bərabərdi burda çıxara,
o yağış suyudu dönür buxara.
Ağaclar üzünü tutub bahara
özünə bir yaşıl köynək istəyir,
təbiət nə isə demək istəyir.
Əyri göstərməsin doğrunu güzgün,
torpaqdan kim olmaq istəyir sürgün?
Ən hündür zirvəyə qalxan da bir gün
ən hündür zirvədən enmək istəyir,
təbiət nə isə demək istəyir.
Susayan gözünü dikib yağana,
Saığmayan mərhəmət edir sığana.
Günəş gözləriylə baxıb cahana
hər kəsi, hər şeyi görmək istəyir,
təbiət nə isə demək istəyir.
Dünyanın üzünə dağılan sükut,
zülmət qəfəslərdə boğulan sükut,
hər daşın içinə yığılan sükut
bir gül qönçəsində dinmək istəyir,
təbiət nə isə demək istəyir.
Tale qaldırır da, Tale yıxır da,
ələ gələn bir gün əldən çıxır da.
Hər kəs əvvəlini gəzir axırda,
hər şey öz ilkinə dönmək istəyir,
təbiət nə isə demək istəyir.
İnsan bu dünyaya ürəklə gəlir
və hər çiynində bir mələklə gəlir.
Bahar xoş arzuyla, diləklə gəlir,
hər kəsdən xoş arzu, dilək istəyir,
təbiət nə isə demək istəyir.
Bizə “Oyan!” deyir oyanan aləm,
məhəbbət rənginə boyanan aləm.
Bax e, bax, havada dayanan aləm
nə sütun, nə də ki, dirək istəyir,
təbiət nə isə demək istəyir.
Kökü Həqdən gəlir bəşər nəslinin,
nəqşinə sadiqdi hər şey əslinin...
Çiçək əlləriylə bahar fəslinin
könüldən qüssəni dərmək istəyir,
təbiət nə isə demək istəyir.
Cahan cövhərindən mümkünmü doymaq?
İnsana yaraşmaq şeytana uymaq.
Özünü dərk etmək, özgəni duymaq
ürəkdə göz, gözdə ürək istəyir,
təbiət nə isə demək istəyir.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев